Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB yaradıcı ziyalılarının və alimlərinin XI Forumu işə başlayıb. Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən foruma MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq tanınmış elm və mədəniyyət xadimi qatılıb.
Forumda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev də iştirak edir.
Mərkəzdən bildirilib ki, tədbirdə A.Usubəliyevin “Mədəniyyətlərarası dialoqun aktuallığı və siyasi təzahür formaları” mövzusunda məruzəsi dinləniləcək.
Forumda MDB ölkələri arasında humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək bu forum Qırğızıstanda 2006-cı ildən başlanaraq hər il keçirilir.
azertag.az