Bakı şəhərindəki məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən bildiriblər ki, qiymətləndirmə bu qurumun məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz MMC” tərəfindən aparılacaq.
Qiymətləndirmənin həyata keçirilməsinin məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı faydalanmaqdır.
Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələdə aparılacaq.
Birinci mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin və məşqçi-müəllimlərin peşə, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İkinci mərhələdə isə onların dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndiriləcək.
Qiymətləndirmə cari ilin noyabrında keçiriləcək.
azertag.az