“Azərbaycan multikulturalizmi” dərsliyinin müzakirəsi olub
27.10.2016

Azərbaycan Dillər Universitetində (ADU) akademik Kamal Abdullayev və professor Etibar Nəcəfovun ümumi redaktəsi ilə yazılmış, ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin müzakirəsi keçirilib.

ADU-dan bildiriblər ki, müzakirədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov, universitetin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları iştirak edirik ediblər.

İclasda Dövlət müşavirinin iştirak etməsinin əhəmiyyətini vurğulayan D.Yunusov, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşadıqlarını, multikulturalizmin xalqımıza xas ənənə olduğunu bildirib. “Qərb dilçiləri multikulturalizm anlayışını ideologiya kimi qələmə versələr də, bu bizim həyat tərzimizdir”,- deyən professor Azərbaycan xalqının tarixən öz torpağında yaşayan bütün millətlərə xoş münasibət bəslədiyini qeyd edib.

K.Abdullayev Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin və multikulturalizmin Azərbaycanın dövlət siyasəti kimi müəyyənləşdirilməsinin təsadüfi olmadığını, bunun üçün ölkəmizdə böyük bir ənənənin, tarixin və potensialın mövcudluğunu vurğulayıb. Multikulturalizmin qaynaqlarının ədəbi-bədii, elmi-fəlsəfi və siyasi-hüquqi əsaslar adlı istiqamətlərdə müəyyənləşdiyini deyən akademik, bunun Azərbaycanın mənəvi, mədəni, intellektual potensialı ilə bağlı olduğunu söyləyib. Bildirilib ki, bu üç istiqamət dünyaya Azərbaycanın mədəniyyəti, ideologiyası, psixologiyası, ədəbiyyatı, ictimai-siyasi durumu ilə bağlı bir model təqdim edir. Bunun tərkib hissəsi kimi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif layihələr həyata keçirir ki, bunlar da xarici ölkələrdə Azərbaycan multikulturalizmini tədris etməklə bağlıdır. Artıq dünyanın 20-dək universitetində Azərbaycan multikulturalizmi bir fənn kimi tədris olunur. Bu da o deməkdir ki, bizim ədəbiyyatımız, dəyər və inanclarımız, tariximiz, mədəniyyətimiz, siyasətimiz, həqiqətlərimiz həmin universitetlərin tələbələrinə təqdim edilir. Bizim yetişdirdiyimiz tələbələr Azərbaycan həqiqətlərinin həm carçısına çevrilirlər, həm də, müdafiəçilərinə. Sadalanan bu nüanslar “Azərbaycan multikulturalizmi” dərsliyinin ən böyük missiyası və yazılma səbəbidir.

Sonra akademik dərsliklə bağlı təklif və iradların nəzərə alınacağını iştirakçılara bildirib.

Digər çıxış edənlər böyük bir kollektiv tərəfindən hazırlanan kitabın kifayət qədər əhəmiyyətə malik olduğunu, cəmiyyətdə baş verən sosial hadisələrin məcmusunu özündə əks etdirdiyini, tələbələr tərəfindən maraqla mənimsənildiyini vurğulayıblar.

Dərsliyin Azərbaycan elmi və ölkəmizdən kənardakı tədqiqatçılar üçün əhəmiyyətli mənbə, Azərbaycan multikulturalizmi və onun əsaslarını həm daxili auditoriyaya, həm də dünyaya çatdıracaq vəsait, indiyədək qazanılmış təcrübəni ümumiləşdirilmiş formada təqdim edən toplu olduğu bildirilib.

azertag.az