Daşkənddəki "Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətində “Azərbaycan guşəsi” yaradılacaq
28.10.2016

Daşkənddəki "Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətində (TİC) “Azərbaycan guşəsi” yaradılacaq.

Bununla bağlı ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun TİC-in direktoru Şuxratcon Axundcanovla görüşündə razılıq əldə edilib.

Mədəniyyət Mərkəzində baş tutan görüşdə Samir Abbasov Özbəkistanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu bildirib. Bu səbəbdən Mərkəz bir sıra maraqlı layihələr həyata keçirir.

Görüşdə "Kitab aləmi" TİC vasitəsilə azərbaycanlı müəlliflərin əsərlərinin təbliği və satışı, habelə Cəmiyyətin Daşkənddəki mərkəzi ofisində "Azərbaycan guşəsi"nin yaradılması məsələləri ətraflı müzakirə edilib.

Ş. Axundcanov ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini, azərbaycanlı müəlliflərin kitablarına Özbəkistanda böyük maraq olduğunu söyləyib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, azərbaycanlı müəlliflərin kitablarının "Kitab aləmi" TİC-də təqdimatlarının, imza günlərinin, görüşlərin keçirilməsi, onların kitablarının satışının təşkili, yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Sonda S. Abbasov Cəmiyyətin direktoru Ş. Axundcanova "İrəvan xalçaları" kitabını hədiyyə edib.

Qeyd edək ki, TİC-in Daşkəndlə yanaşı, Səmərqənd, Buxara, Fərqanə, Əndican və digər şəhərlərdə də filialları fəaliyyət göstərir. Cəmiyyət kitabların həm satışı, həm də təbliği ilə məşğul olur.

azertag.az