Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sarı gəlin” tamaşası nümayiş olunub.
Əvvəlcə qonaqlar teatrın foyesində “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olublar. Sərgidə qədim və milli geyimlərlə yanaşı, milli ornamentli xalçalarımız və tətbiqi sənət nümunələri nümayiş olunub.
Daha sonra “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videoçarx təqdim edilib. Videoçarxda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi barədə təqdim etdikləri faktlar müsahibələr şəklində diqqətə çatdırılıb.
Sonra 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsəri böyük maraqla qarşılanıb.
Tarixi faktlar əsasında səhnələşdirilən tamaşanın rejissoru Əməkdar Artist Nicat Kazımovdur.
Layihənin reallaşdırılmasının məqsədi gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi barədə məlumatlandırmaq, adət və ənənələrin qorunub saxlanılması və təbliğ edilməsidir.
azertag.az