Mədəniyyət və turizm şöbələrinin mətbuatla əlaqələri müzakirə olunub
28.10.2016

Oktyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin regionlarda fəaliyyət göstərən mədəniyyət və turizm şöbələrinin (idarələrinin) mətbuat xidməti və ictimaiyyətlə əlaqələr üzrə əməkdaşları ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, belə görüşlərin təşkili nazirliyin internet saytı ilə sıx əməkdaşlığın qurulmasına, mədəniyyət və turizm sahəsində baş verən yeniliklərin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılmasına xidmət edir.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov tədbirdə çıxış edərək deyib: “İndiki dövrdə fəaliyyətin mediada işıqlandırılmasında müasir texniki vasitələrdən istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Müasir dövrün tələblərinə uyğun olaraq ölkəmizin mədəniyyət və turizm sahələrində həyata keçirilən tədbirlərin, baş verən yeniliklərin informasiya siyasətimizə uyğun olaraq operativ işıqlandırılmasını daha da gücləndirməliyik”.

Vüqar Şixəmmədovun sözlərinə görə, bir sıra müəssisələrdə bu sahədə irəliləyiş olsa da, bəzilərində passivlik davam edir. Ona görə də ötən dövr ərzində nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə zəif əməkdaşlıq edən və göndərdiyi yazılarda elementar səhvlərə yol verən müəssisələrin siyahısı hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin tarix-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli müvafiq sahədə həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, nazirlikdə aparılan islahatlardan sonra yaradılacaq regional idarələrdə mətbuatla iş üzrə xüsusi ştatın yaradılması da nəzərdən keçiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov, informasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva elektron informasiya resurslarında təbliğatın əhəmiyyətini xüsusi qeyd ediblər. Çıxışlarda mətbuatla əlaqələrin xüsusiyyətlərindən, xəbərin yazı üslubundan söz açılıb, nazirliyin saytında yerləşdirilən xəbərlərin qısa zamanda ölkənin çoxsaylı mətbu orqanları və xəbər agentliklərində dərc edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, informasiyaların dəqiq və düzgün yazılması mühüm əhəmiyyət kəsb edir.

Görüşün sonunda mədəniyyət və turizm şöbələrinin mətbuatla əlaqəli şəxslərinin də fikirləri dinlənilib, rəy və təklifləri müzakirə olunub.

azertag.az