Lənkəran rayonu Azərbaycanın subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını subtropik və sitrus bitkiləri təşkil edir.
Rayonda sitrus bitkilərinin əkin dinamikası hər il artan templə inkişaf etdirilir. Yeni sitrus bağlarının salınması isə öz növbəsində məhsul istehsalının artmasını şərtləndirir. İstehsalın artması bu sahədə çalışanların həyat səviyyəsinin yüksəlməsinə, sosial rifah halının yaxşılaşmasına şərait yaradır.
Lənkəran Rayon Statistika İdarəsinin rəisi Vaqif Mustafayev bildirib ki, 2015-ci ildə rayonda 1167 hektar sahədən 12 min 403 ton subtropik və sitrus meyvəsi yığılıb. Bu il isə bağlardan 13 min tondan çox məhsul gözlənilir.
Ötən il rayonun Sütəmurdov və Velədi kəndlərində 15 hektar sahədə Koreyadan gətirilmiş yeni növ tinglərlə narıngi bağının salındığını vurğulayan V.Mustafayev rayonda sitrusçuluğun inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb. “Bu inkişaf hər şeydən əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında Lənkəran rayonu üçün müəyyən edilmiş tədbirlərin uğurlu icrası və məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi nəticəsində mümkün olub”,-deyə o bildirib.
Rayonda sitrusçuluqla məşğul olan fermerlər, ailə kəndli təsərrüfatlarının üzvləri intensiv üsullardan istifadə etməklə məhsul istehsalının artırılmasına daha çox diqqət yetirirlər.
Aqrotexniki xidmətlərin vaxtında və düzgün aparılması nəticəsində rayonda sitrus bitkilərinin məhsuldarlığı 97,3 sentnerdən 106,3 sentnerə yüksəlib.
Lənkəranda bir çox ailənin qazanc mənbəyi olan sitrusçuluq əsasən Hirkan, Osaküçə, İstisu, Haftoni və Şıxəkəran ərazi icra nümayəndəliklərinin yaşayış məntəqələrində inkişaf etdirilir.
Bununla belə, rayonda elə bir fərdi təsərrüfat tapılmaz ki, onun həyətyanı sahəsində sitrus bitkiləri əkilməsin.
Uzun müddət tənəzzül dövrü yaşayan sitrusçuluq istehsalçılara göstərilən dövlət dəstəyi nəticəsində yenidən dirçəlsə də, bu sahənin inkişafı ilə bağlı müəyyən problemlər də mövcuddur. Bu problemlər əsasən soyuducu anbarların və tədarük məntəqələrinin çatışmazlığı ilə bağlıdır.
Qeyd edək ki, yaxın gələcəkdə Lənkəranda 2000 hektardan çox sahədə subtropik və sitrus meyvə bağlarının salınması nəzərdə tutulub.
azertag.az