Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnəyə qoyulacaq.
Bu barədə Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova məlumat verib.
Onun sözlərinə görə, İstanbul Şəhər Bələdiyyə Teatrında Hüseyn Cavid yaradıcılığına ilk dəfədir müraciət olunur: “Bu, mənim ən böyük xəyalım idi. Artıq tamaşanın son mərhələsindəyik. Əsas problem əsərin Osmanlı ləhcəsindən çağdaş türk dilinə uyğunlaşdırılması idi. Müasir türk tamaşaçısının səhnədə baş verən hər şeyi anlaması üçün var gücümüzlə çalışırıq. Əsərdə həm Türkiyə, həm Azərbaycan, həm də fars dilində sözlər var. Hüseyn Cavidin Təbrizdə və İstanbulda keçən təhsil həyatı yaradıcılığını da dil və sözlər baxımından zənginləşdirib. Teatrın dramaturqu Dilek Tekintaş əsərin çağdaş türk dilinə uyğunlaşdırılması işini mükəmməl şəkildə davam etdirməkdədir. Dilək xanım Azərbaycan əsillidir, Qarsdan İstanbula gəlib. Onun işləri hər zaman göz önündə olub. Bu həftə tərcümələr bitir, dekor və aktyor heyəti də hazırdır. Bu əsər üçün hər sahədə öz işində öndə olanlar iş başına keçib. Bu, məni qürurlandırır”.
Azərbaycanlı aktrisa deyib ki, “İblis” pyesi bu günün nəbzini turmaqdadır: “Əsər Ərəbistan və Türkiyə savaşı ilə başlayır. Əsərin böyüklüyü bu gün də aktuallığını qorumasıdır”.
M.Abbasova tamaşanın hazırlanması üçün Azərbaycandan yüksək səviyyədə dəstək aldığını da söyləyib: “Səhnə əsərinin musiqisini Aygün Səmədzadə bəstələyir. Tamaşanın baş məsləhətçisi şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da tamaşanın hazırlanması üçün bizə bütün dəstəyini verməkdədir. Bu, ölkəmin, dövlətimin Hüseyn Cavidə nə qədər önəm verməsindən xəbər verir. Mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Bu, mənim yaradıcılığımda ən uğurlu işlərimdən biri olacaq".
Aktrisa qeyd edib ki, noyabrın 7-8 də Bakıda keçiriləcək IV Beynəlxalq Teatr Konfransına dəvət alıb: "İlk dəfə ölkəmə bir teatrın rəhbər heyətində gedirəm. Məqsədim Azərbaycan və Türkiyə teatrları arasında əməkdaşlığın təməllərini möhkəmləndirmək və bu bağlantıları daha da gücləndirməkdir. Bu işin rəsmi səviyyədə olan tərəfləri ilə məşğul olacağam və bir neçə məsələlərlə bağlı imzalar atılacaq. İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət şöbəsinin rəhbəri Abdulrahman Şen də Bakıya gedən heyətdə yer alacaq. O da Azərbaycan-Türkiyə arasındakı qardaşlıq bağlarının mədəniyyət səhəsində möhkəmlənməsini dəstəkləyir. Ölkəmə xidmət etmək məni qürurlandırır. Bu gücü mənə verən Allahıma təşəkkür edirəm”.
report.az