UFAZ-ın tələbələrinə Strasburq Universitetinin tələbə biletləri verilib
28.10.2016

Bu gün Beynəlxalq Muğam Mərkəzində Fransa-Azərbaycan universiteti (UFAZ) tələbələri ilə görüş keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyi Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Strasburq Universitetinin nümayəndəsi Filipp Turek, UFAZ-ın professor-müəllim heyəti iştirak edib.
Çıxış edənlər iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışaraq, UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. Bildirilib ki, bu il kimya üzrə 3 Nobel mükafatçısından biri məhz UFAZ-ın professorudur.
Mərasimdə UFAZ-da təhsil alan tələbələrə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub.
Qeyd edək ki, UFAZ layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilib.
UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alır.
Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

report.az