Turizm və Menecment Universitetində müasir dövrdə səmərəli idarəetmənin problemləri təhlil edilib
28.10.2016

Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) doktorantura və əlavə təhsil şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların ikinci konfransı keçirilib.

Tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov mövzunun aktuallığını qeyd edib. Vurğulanıb ki, konfransın “Dövlətin və bələdiyyənin idarə edilməsi”, “Sosial-iqtisadi sahələrin idarə edilməsi”, “Təhsil və mədəniyyətin idarə edilməsi”, “Biznes idarəçiliyi”, “İnvestisiya menecmenti”, “İdarəetmədə hüquq problemləri” və “İdarəetmədə multikultural dəyərlər” bölmələrində 20-dək məruzə dinləniləcək. Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanda mövcud idarəetmə problemlərinin aşkarlanması, müxtəlif sahələrdə qarşıya çıxan mühüm məsələləri təhlil müstəvisində qiymətləndirməklə səmərəli həll variantının təcrübədə uğurlu tətbiq edilməsidir. E.Aslanov diqqətə çatdırıb ki, idarəetmə çoxcəhətli bir prosesi əhatə edir və cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəlidir.

Sonra ATMU-nun doktorantura və əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsir Nəsirli bildirib ki, bazar iqtisadiyyatı planlı təsərrüfata nəzərən idarəetmə qərarları verən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Strateji qərarlar hazırlayan mütəxəssislərə qarşı bu cür tələb daha böyük olur. Bazarın tələblərinə cavab verən, yeni sosial-iqtisadi xüsusiyyətlərə malik orijinal məhsul və xidmət istehsalı səmərəli strategiyanın həyata keçirilməsini, eləcə də tətbiqini tələb edir. Bu keyfiyyətlər yalnız idarəetmənin metod və funksiyaları, onun iqtisadi mexanizmi, yeniliklər barədə zəruri biliklərə malik idarəçilərdə olur. Həmin idarəçilər əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilirlər.

Daha sonra konfrans işini bölmələrdə davam etdirib.

Bölmə iclaslarında “Azərbaycan muzeylərində idarəetmənin aktual problemləri”, “Ana dilimizi yaşadan və inkişaf etdirən dövlət xadimimiz”, “Turizm mütəxəssisin mədəniyyəti vasitəsilə Azərbaycanda təhsilin keyfiyyətinin idarə edilməsi”, “Sənaye müəssisələrində innovasiya fəaliyyətinin idarə edilməsi”, “Təhsilin idarə edilməsinin təşkili” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

azertag.az