Tələbələr “Atəşgah” sığorta şirkətində işlə təmin olunmaq imkanı qazanıblar
28.10.2016

“Atəşgah” sığorta şirkətinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüşüblər.

AzMİU-dan bildiriblər ki, tədbirdə AzMİU-nun xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov tələbələrə şirkət haqqında məlumat verib. Bildirilib ki, əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etməklə məşğul olan şirkət 1996-cı ildən sığorta sektorundadır. Şirkətlə AzMİU arasında əməkdaşlığın qurulduğu, universitet tələbələrinin işlə təmin olunması istiqamətində şirkət rəhbərliyi ilə danışıqların aparıldığı qeyd edilib.

“Atəşgah” sığortanın əməkdaşı Babək Məmmədov şirkətin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb. O, Azərbaycanın aparıcı sığorta şirkətlərinin 2016-cı ilin yanvar-iyul ayları üzrə renkinq cədvəlində təmsil etdiyi şirkətin üçüncü yeri qazandığını söyləyib. Bildirilib ki, əldə olunmuş razılığa əsasən, şirkətdə könüllü kimi çalışmaq istəyən tələbələr bu müəssisədə təcrübə keçəcək, iş prosesi ilə yaxından tanış olacaqlar. Fəallıq göstərənlər şirkətdə müəyyən strukturlarda işlə təmin olunacaqlar.

Sonra tələbələrin sualları cavablandırılıb, təcrübə keçmək istəyənlərə anketlər paylanılıb.

azertag.az