Azərbaycan Əmmanda keçirilən “Xeyriyyə bazarı”nda təmsil olunub
31.10.2016

Oktyabrın 29-da İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində şahzadə Basma bint Talalın himayədarlığı və diplomatik korpusun iştirakı ilə 52-ci “Xeyriyyə bazarı” keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər ki, “Xeyriyyə bazarı”nda İordaniyada akkreditə olunmuş 50-dən artıq səfirlik, beynəlxalq təşkilat və xeyriyyə təşkilatları iştirak edib.

Azərbaycanın İordaniyadakı səfirliyi hər il olduğu kimi, bu il də sözügedən tədbirdə xalqımızın mədəniyyətini, tarixi irsini, milli musiqi alətlərini əks etdirən suvenirlər, şərab və milli geyim nümunələri ilə təmsil olunub. Tədbirdə, həmçinin İordaniyada yaşayan həmvətənlərimiz də yaxından iştirak ediblər.

Açılış mərasimindən sonra şahzadə Basma bint Talal Azərbaycan guşəsini ziyarət edib və orada nümayiş etdirilən eksponatlarla tanış olub. Şahzadəyə qiymətli hədiyyələr təqdim edilib.

Səfirlik satışdan əldə edilən vəsaiti Umm Hüseyn Xeyriyyə Fonduna köçürüb.

Tədbir İordaniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

azertag.az