Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi ISESCO-nun 12-ci baş konfransının prezidenti, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə birlikdə qəbul edib.
Nazirlikdən bildirilib ki, görüşdə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Tunis dövlətinin başçısına çatdırıb. O, Azərbaycanın dost Tunis ilə mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Nazir gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunları və Qərb dünyası ilə müsəlman ölkələri arasında münasibətlərin inkişafına töhfə verən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ISESCO arasında mövcud olan dərin əməkdaşlığı barədə Tunis Prezidentinə məlumat verib.
Tunis Prezidenti öz növbəsində ISESCO təhsil nazirlərinin birinci konfransı münasibətilə hər üç qonağı təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını və hörmətini çatdırmağı xahiş edib.
Görüşdə İƏT və ISESCO ilə əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
azertag.az