P.İ.Çaykovski adına Konsert Salonunun səhnəsində “Arşın mal alan” operettasından parçalar səslənib
31.10.2016

Moskvadakı P.İ.Çaykovski adına Konsert Salonunda SSRİ-nin yaranmasının 95 illiyinə həsr olunmuş “SSRİ-də doğulmuşlar” adlı konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq Artisti, Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısını və rusiyalı müğənni Yuliya Pak ilə birlikdə Vəli və Tellinin duetini ifa edib.

Gecənin aparıcısı Sergey Kapkov keçmiş SSRİ respublikalarında kinematoqrafiyanın inkişafından, uzun illər sovet tamaşaçılarının sevə-sevə baxdıqları məşhur filmlərdən, tanınmış kino xadimlərindən söz açıb.

Azərbaycanda hələ ötən əsrin əvvəllərində -1916-cı ildə ekranlaşdırılmış “Neft və milyonlar səltənətində” filmindən başlayaraq milli kinematoqrafiyamızın keçdiyi yoldan bəhs edən S.Kapkov “Arşın mal alan” operettasını tamaşaçılara təqdim edib. Konsert salonunun səhnəsində quraşdırılmış böyük ekranlarda filmdən parçalar nümayiş olunub.

Qeyd edilib ki, dünyanın 136 ölkəsində nümayiş etdirilən “Arşın mal alan” 86 dilə dublyaj olunub.

Səhnədə ifaçıları Rusiyanın Xalq Artisti Sergey Skripkanın rəhbərliyi ilə Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri müşayiət edib.

azertag.az