Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən “Transcultural Art Lab” yaradıcılıq emalatxanasında iştirak edirlər. “Jubi Juist” Təşkilatı tərəfindən reallaşdırılan layihəyə dörd ölkənin - Azərbaycanın, Almaniyanın, Gürcüstanın və Ermənistanın hər birindən 13 gənc cəlb olunub.
ATGTİ-dən bildiriblər ki, layihənin birinci günündə iştirakçı ölkələrin təqdimatı keçirilib. Təqdimatda gənclərimiz ölkəmizin qədim tarixi, zəngin və çoxəsrlik mədəniyyəti, milli mətbəxi, adət-ənənələri barədə ətraflı məlumat veriblər. Təqdimat zamanı milli rəqslərimiz və musiqilərimiz canlı ifa edilib.
Layihənin növbəti günlərində keçirilən tədbirlərdə ATGTİ-nin nümayəndə heyəti Cənubi Qafqaz regionuna dair müzakirələrdə fəal iştirak edərək, ölkəmizin mövqeyini, habelə Azərbaycanla bağlı həqiqətləri diqqətə çatdırıblar. Gənclərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Xocalı soyqırımı haqqında layihə iştirakçılarına ətraflı məlumat veriblər.
Layihənin məqsədi gənclərin yaradıcılıq sahəsində biliklərinin təkmilləşdirilməsi və müəyyən məsələlərə müxtəlif mövqelərdən yanaşma qabiliyyətlərinin inkişaf etdirilməsidir. Gənclər layihə çərçivəsində yaradıcılıq emalatxanasında keçirilən rəssamlıq, musiqi, fotoqrafiya və redaksiya dizaynı seminarlarında iştirak edərək biliklərini artırırlar.
azertag.az