Qahirədə Ramazan ayı münasibətilə Azərbaycan Günü keçirilib.
Azərbaycanın Misirdəki səfirliyindən bildirilib ki, tədbirdə Misirin ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının və işgüzar dairələrin nümayəndələri iştirak edib.
Səfir Şahin Abdullayev Azərbaycanın müstəqillik tarixi, şərqin ilik demokratik respublikası olan ADR-in yaranması və tənəzzülü, 1991-ci ildə ölkəmizin müstəqilliyini əldə etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti və belə bir çətin vəziyyətdə xalqının təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından danışıb.
Səfir deyib ki, milli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın müasir tarixində yeni bir mərhələ başladı.
Diplomat Heydər Əliyevin irsinə sadiq olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində uğurlara imza atdığını və sürətlə inkişaf etdiyini qeyd edib.
ISESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravi çıxışında Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını və hal-hazırda öz inkişafına görə İslam dünyasının fəxr edə biləcəyi bir dövlət olduğunu qeyd edib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi kimi məsələlərə diqqəti çəkib.
Azərbaycanın müstəqillik yolu və iqtisadi inkişaf modeli və qısa müddət ərzində əldə etdiyi iqtisadi və sosial nailiyyətlər, uğurlu sosial və təhsil siyasəti iştirakçıların xüsusi marağına səbəb olub.
Səfir Ş.Abdullayev bu qəbildən olan sualları cavablandıraraq keçid yolunu uğurla keçmiş Azərbaycanın inkişaf modeli təcrübəsi ilə bölüşüb.
Tədbir zamanı Azərbaycanın müstəqillik və inkişaf yolunu əks etdirən sənədli film nümayiş etdirilib.
Azərbaycanın mədəniyyətini və incəsənətini əks etdirən əyani vasitələr, kitablar və jurnallar, xüsusilə nəfis tərtibatda və ərəb dilində çap edilmiş “İrs” jurnalı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbir Misirin aparıcı televiziya kanalları tərəfindən geniş şəkildə işıqlandırılıb.
Gün.Az