Beynəlxalq müsabiqələr laureatı “Sib-Duo” qrupunun konserti olacaq
1.11.2016

Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın tanınmış musiqiçiləri, beynəlxalq müsabiqələr laureatı “Sib-Duo” qrupunun konserti olacaq.

“Dünya Kuboku” və “Dünya Trofeyinin” qalibi olan “Sib-Duo” qrupunun təməli dörd il bundan öncə Aleksandr Sirotkin və Andrey Bityutskix tərəfindən qoyulub. Qeyd etmək lazımdır ki, bu, qrupun Bakıda ilk çıxışıdır. Muğam Mərkəzində konsertdən sonra “Sib-Duo” qrupunun noyabrın 11-də Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzində dinləyicilərlə görüşü olacaq. Qrup Rusiya, Almaniya, Avstriya, Fransa, İtaliya, Çexiya və Çində keçirilən böyük musiqi forum və festivallarında iştirak edib. “Sib-Duo” dörd il ərzində müxtəlif proqramlarla yüzlərlə konsertin iştirakçısı olub. Konsertlərdə qrupu Avropa və Rusiyanın tanınmış musiqi kollektivləri - simfonik və kamera orkestrləri, Rusiya xalq çalğı alətləri orkestrləri müşayiət edib. “Sib-Duo” qrupunun repertuarına dünya və rus musiqisi, estrada və caz janrından nümunələr və xalq mahnılarının xüsusi işləmələri daxildir.

azertag.az