Daşkənddə Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub
1.11.2016

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Kitab aləmi” Ticarət və İnformasiya Cəmiyyətində (TİC) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Sultan Alp Arslan” romanının təqdimatı keçirilib.

Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak edib.

Kitabı Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib.

U.Kuçkar mərasimi açaraq bildirilib ki, “Sultan Alp Arslan” əsəri müəllifin “Əmir Teymur”, “Şah arvadı və cadugər“ romanlarından sonra Daşkənddə özbək dilində çap olunan üçüncü romanıdır. O, bu əsərlərinin tərcüməsi üzərindəki işindən danışıb, Yunus Oğuzla yaradıcı əməkdaşlığın davam edəcəyini bildirib.

AMM-in direktoru Samir Abbasov Y.Oğuzun həyat və yaradıcılığı haqqında məlumat verib, qeyd olunub ki, dünyanın 22 ölkəsində yazıçının 44 kitabı çap olunub. Yunus Oğuz “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları ilə tanınır.

TİC-in direktoru Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü səviyyəsindən söhbət açıb. O qeyd edib ki, burada “Azərbaycan guşəsi” yaradılacaq, bununla bağlı artıq AMM ilə razılıq əldə edilib. İkitərəfli əlaqələrin qurulması, Azərbaycan şair və yazıçılarının kitablarının “Kitab aləmi” TİC-də təqdimatlarının, imza günlərinin, müxtəlif görüşlərin keçirilməsi, onların kitablarının satışının təşkili fəaliyyətimizin əsas istiqamətidir.

Alim-tərcüməçi Babaxan Şərif, şair və tərcüməçi Mirpolat Mirzə, jurnalist Rüstəm Cabbarov, professor Səadət Muxammedova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, professor İbrahim Yuldaşev və başqaları Yunus Oğuzu təkcə Azərbaycanın deyil, türk dünyasının tanınmış yazıçısı, nadir tarixi romanlar müəllifi kimi xarakterizə ediblər.

Tədbirdə Y.Oğuz Özbəkistanda çap edilən əsərləri üzərindəki işindən danışıb, kitabların nəşrində əməyi olanlara təşəkkürünü bildirib, gələcək planlarından söhbət açıb.

AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib.

Sonda “Sultan Alp Arslan” romanının imza mərasimi olub.

azertag.az