Bakıda “Moskva merinin təqaüdü”nü alacaq 22 namizəd təsdiqlənib
1.11.2016

Azərbaycan Qəyyumlar Şurasının iclasında Moskva şəhəri Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti tərəfindən dəstəklənən “Moskva merinin təqaüdü”nü alacaq namizədlər təsdiq edilib. Namizədlər 2015-2016-cı tədris ilinin yay sessiyasının nəticələri əsasında Azərbaycanın ali məktəb tələbələri arasından seçilib.

“Moskva merinin təqaüdü” proqramı Azərbaycanda 2007-ci ilin may ayından həyata keçirilir. Qəyyumlar Şurası ildə iki dəfə Azərbaycanın on ali məktəbinin namizədlərini nəzərdən keçirir.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin “Moskva merinin təqaüdü”nü alacaq tələbələrin adlarını açıqlayıb. O, Qəyyumlar Şurasının Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilən iclasında bildirib ki, bu təqaüd təhsildə əla nəticələr göstərən tələbələrə dəstəyin mühüm elementidir.

Proqram Azərbaycanda yaşayan rusların intellektual potensialının qoruması və inkişafı, eləcə də onların ali məktəblərdə rus dilində təhsil almalarına yardım məqsədi ilə ölkəmizin dövlət universitetlərində həyata keçirilir.

Qəyyumlar Şurasının iclasında təqaüdü alacaq 22 namizəd təsdiqlənib.

Qeyd edək ki, bu təqaüd ikinci və yuxarı kurs tələbələrinə verilə bilər. Üstünlük yoxsul ailələrdən olan, ictimai həyatda fəal iştirak edən tələbələrə verilir.

Qəyyumlar Şurasının iclasında iştirak edən “Dədə Qorqud” Xeyriyyə Fondunun sədri, “Azərbaycan dünyası” jurnalının redaktoru Eldar İsmayılov Mixail Zabelinə “Vətən oğlu” medalını təqdim edib. M.Zabelin bu mükafata Azərbaycan və Rusiya ali məktəbləri arasında tərəfdaş əlaqələrinin inkişafına və möhkəmlənməsinə şəxsi töhfəsinə görə layiq görülüb.

azertag.az