Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yeni baxış-müsabiqəyə başlayıb.
Nazirlikdən bildiriblər ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqədə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edirlər.
Müsabiqənin keçirilməsinin məqsədi Nizami Gəncəvinin yaradıcılığından bəhrələnməklə incəsənətin müxtəlif sahələri ilə gənc nəsli tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır. Həmçinin Nizami Gəncəvinin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, xalq mahnılarının təbliğini və gənclərin ifaçılıq qabiliyyətini inkişaf etdirməkdir.
Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyi, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının tanınmış mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.
Yarışmada iştirak üçün Bakı şəhəri üzrə 80 ümumi təhsil müəssisəsi, 16 lisey və gimnaziya, üç internat məktəbi və üç yaradıcılıq mərkəzi elektron müraciət edib.
Respublika İncəsənət Gimnaziyasında keçirilən ilk tədbirdə münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 129, ifaçılıq üzrə 42 nömrə qiymətləndirilib.
Gəncə şəhərində bədii qiraət və musiqi üzrə müsabiqəyə baxış noyabrda keçiriləcək.
Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsinin noyabrın 25-dən 30-dək Təsviri Sənət Qalereyasında keçirilməsi nəzərdə tutulub.
azertag.az