Noyabrın 1-də Qafqaz Universitetində 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir və “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı olacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən bildiriblər ki, mərkəzin yaradılmasının məqsədi Qafqaz Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris etməklə yanaşı, BBMM ilə birgə ölkədaxili və xarici universitetlərdə bu fənlərin tədris olunması üçün kadr hazırlığının təşkili, Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi, bu istiqamətdə yazılmış əsərlərin aprobasiyasının həyata keçirilməsidir.
Mərkəzin ideoloji bazasını ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq fəlsəfəsi, tarixi ənənələrə əsaslanan milli vətənpərvərlik ideologiyası və Prezident İlham Əliyevin bu gün dövlət siyasətinin prioritet istiqamətinə çevirdiyi Azərbaycan multikulturalizmi təşkil edir.
Mərkəzin azərbaycançılıq fəlsəfəsi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təhlili, Azərbaycan və dünya multikulturalizm modellərinin tədqiqi ilə bağlı nəşrləri, elektron vəsaitlərdən ibarət kitabxanası və müasir tələblərə cavab verən texniki avadanlığı istifadəçilərin ixtiyarına veriləcək.
azertag.az