Bu gündən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılır. Onlayn satış "İcbari sığortalar haqqında” qanununa edilmiş dəyişikliyə, "Elektron imza və elektron sənəd haqqında" qanuna uyğun olaraq həyata keçirilir.
Bununla da, müqavilələrin kağız şəhadətnamə blanklarında yazılmasına ehtiyac aradan qaldırılıb. Amma indiyə qədər informasiya sistemi vasitəsi ilə bağlanılan müqavilələr təminat müddətinin bitdiyi tarixə qədər qüvvədə olacaq.
Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə vətəndaşlar birbaşa müqaviləni əldə edə biləcəklər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron müqaviləni ala bilərlər. Daha sonra bağlanılacaq müqavilə üzrə sığorta haqqının ödənilməsi üçün sığortalının mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı bu kodu elektron poçt ünvanı təqdim etməklə də ala bilər. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alır və sığorta müqaviləsi dərhal qüvvəyə minir. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcək.
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər. Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir. Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmaq lazımdır. Sığorta haqqının ödənilməsi bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.
report.az