“Zəkioğlu” nəşriyyatında Xaqani Əliyevin irihəcmli “İngiliscə-Azərbaycanca əhatəli lüğət” kitabı işıq üzü görüb.
Müəllif kitabı, ilk növbədə, tərcümə fakültəsində oxuyan tələbələr, tərcüməçilər, eyni zamanda, tərcüməçiliyi özünə ikinci peşə seçmiş mütəxəssislər üçün hazırlayıb.
Kitabın elmi redaktoru Qardaşxan Əzizxanlı, rəyçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Bu sahə ilə maraqlananların istifadəsinə verilən lüğət təqribən 150 min söz və söz birləşməsindən ibarətdir. Müəllif lüğətin tərtib prinsipləri barədə kitaba “Ön söz” yazıb.
“Ön söz”də qeyd edilir ki, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə cürbəcür lüğətlər olsa da, xüsusi mövzuları, sahə terminlərini özündə əks etdirən lüğətlərin çatışmazlığı özünü göstərir. “İngiliscə-Azərbaycanca əhatəli lüğət” bu çatışmazlığı aradan qaldırmağa yardımçı olacaq. Belə ki, yeni nəşr edilən lüğət kənd təsərrüfatı, incəsənət, təhsil, mədəniyyət, aviasiya, xalçaçılıq, kino, kulinariya, idiomlar, evfemizmlər, gömrük, diplomatik əlaqələr, seçkilər, elektroenergetika, fövqəladə hallar, ətraf mühit, atçılıq, maliyyə, balıqlar, quşlar, güllər, futbol, həndəsə, zərgərlik, səhiyyə, kəşfiyyat, hərbi, QHT, din, baytarlıq, neft-qaz və s. daxil olmaqla 60-dan artıq mövzunu əhatə edir.
azertag.az