Noyabrın 1-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
Komitənin sədri Rafael Hüseynov deyib ki, kino ilə bağlı hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunsa da, o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçib və kino haqqında yeni qanuna ehtiyac var. Komitə sədri “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi ilə bağlı məlumat verib. O deyib ki, 12 fəsil, 40 maddədən ibarət yeni qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Milli kinematoqrafiya irsinin qorunması, milli filmlərin istehsalı və yayımlanması, uşaqlar və gənclər üçün filmlərin istehsalı və yayımlanması, kinematoqrafiya sahəsində fəaliyyətin əlaqələndirilməsi, dünya kinematoqrafiya sənətinin təbliği, kinematoqrafiya sahəsində kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması, kinematoqrafiya sahəsinə sərmayələrin qoyulması üçün tədbirlərin təşkil edilməsi kinematoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir.
Sənədə əsasən kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək.
Qanun layihəsində qeyd edilir ki, gənc istedadların aşkarlanması, onların yaradıcılığının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər görülür. Gənc kinematoqrafçıların bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması və yaradıcılıqlarının inkişafı məqsədilə həvəsləndirmə tədbirlərinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Yeni qanuna əsasən Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək filmlərin istehsalına və yayımına yol verilmir.
Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Azərbaycanda milli filmlərin televiziya yayımı Azərbaycan dilində həyata keçirilməlidir. Xarici filmlərin televiziya yayımına yalnız Azərbaycan dilinə dublyaj olunduqdan sonra icazə veriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən kinozallardan və kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq.
Layihədə həm də milli film şəhadətnamələrinin verilmə qaydası müəyyən edilib. Belə ki, həmin şəhadətnamə filmin yayım dövrünə qədər verilərsə, lakin film istehsalçısı filmin istehsalını 1 ildən artıq müddətə dayandırarsa və film yayıma verilməzsə, həmin şəhadətnamə müvafiq icra hakimiyyətinin qərarı ilə ləğv ediləcək və milli film istehsalçısına həmin filmlə əlaqədar verilən güzəştlər ləğv ediləcək.
İclasda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kinostudiyalar ölkəyə gəlir gətirmək üçün davamlı və dayanıqlı avadanlığa malik olmalıdır. O qeyd edib ki, Azərbaycanda 40-a yaxın prodüser mərkəzi fəaliyyət göstərir. Onların da demək olar ki, 99,9 faizinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara baxmayaraq, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanan bir neçə filmə imza ata biliblər. Ancaq “Azərbaycanfilm”in də malik olduğu texnika yüksək səviyyədə deyil. Çünki həmin texnikalar sovet dövründən qalmadır. Hətta onlar belə dövlət sifarişi ilə çəkilən filmlər üçün xarici ölkələrdən yüksək səviyyəli, günün tələblərinə cavab verən texniki avadanlıq icarəyə götürür.
“Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliyə əsasən sənədə 20.0.20-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad edilirlər.
Vergi Məcəlləsinə əlavə olunması nəzərdə tutulan 106.1.18-ci maddəyə görə, milli film istehsalçılarının müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir. 164.1.36-cı maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilirlər.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
azertag.az