Yaponiyada Azərbaycan musiqisini özündə əks etdirən ilk CD-nin təqdimatı keçirilib
3.11.2016

Tokioda Azərbaycan musiqisini özündə əks etdirən ilk CD yapon musiqisevərlərə təqdim olunub.

Əvvəlcə CD-nin müəllifi, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova iştirakçıları salamlayıb. Bildirib ki, müəllifi olduğu layihənin məqsədi qədim və zəngin Azərbaycan musiqisini Yaponiyada daha geniş təbliğ etmək, tanıtmaqdır. CD-də Azərbaycan xalq və bəstəkar musiqi nümunələri yapon zərb aləti ilə birlikdə sintez olunaraq tam yeni bir improvizasiyada dinləyicilərə təqdim edilib. Yeni CD-ni həm musiqi əsərlərinin satıldığı mərkəzlərdən, həm də internet satış şəbəkələri vasitəsilə əldə etmək olar.

Mərasimdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin ikinci katibi Fuad Bağırov yeni layihənin uğurla başa çatması münasibətilə Gülnarə xanımı və digər ifaçıları təbrik edib. Bildirib ki, Gündoğar ölkədə Azərbaycan musiqisini özündə əks etdirən ilk CD-nin buraxılışı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən ölkəmiz üçün ən gözəl hədiyyədir.

Yaponiyada yaşayan yeganə azərbaycanlı musiqiçi olan Gülnarə Azuma-Səfərovanın yaradıcılığı barədə danışan diplomatımız qeyd edib ki, yerli musiqiçilərlə sıx əməkdaşlıq əlaqələri quran bu xanım onlarda da milli musiqimizə qarşı böyük məhəbbət yaratmağa nail olub. Gülnarə xanımın yapon musiqiçilərlə birlikdə təşkil etdiyi konsertlər, bu gün təqdimatı keçirilən CD həm Azərbaycan musiqisini Yaponiyada tanıtmaq, həm də iki dost xalq arasında mədəni əlaqələri inkişaf etdirmək baxımından əhəmiyyətlidir.

Sonra CD-nin yaradıcı heyəti konsert proqramı ilə çıxış edib. Yüksək ifaçılıq tərzini, oynaq musiqi ritmlərini özündə əks etdirən konsert tamaşaçıların alqışları ilə qarşılanıb.

Təqdimat mərasimində Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan Azərbaycan və türk diasporunun üzvləri, yapon musiqisevərlər iştirak ediblər.

azertag.az