Noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçiriləcək.
UNEC-dən bildirilib ki, “Təhsil və elmin vəhdəti” mövzusunda təşkil ediləcək konfransın keçirilməsi üçün bu ilin martında TED təşkilatından rəsmi lisenziya alınıb.
Altı aylıq hazırlıq prosesində TED tərəfindən təqdim edilən konfransın təşkili standartları tam formada icra edilib. Tədbirdə elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.
Artıq 32 ildir ki, dünyada alim, sahibkar, ictimai xadim, biznes nümayəndələrini və digər peşə sahiblərini bir platformada birləşdirən TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. Devizi “Bölüşməyə dəyən fikirlər” olan TED təşkilatının lokal cəmiyyətlərdə təbliğinə şərait yaradan TEDx proqramı 2009-cu ildən bütün dünyanı dolaşmaqdadır. Bu günədək planetin yüzlərlə şəhərində və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır.
azertag.az