“Oyuq” teatr-studiyasından yeni tamaşa
3.11.2016

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni səhnə işi ilə tamaşaçılarının görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, noyabrın 8-də studiyanın balaca istedadlarının təqdimatında “Cadugər və gözəl” adlı tamaşanın premyerası keçiriləcək.

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə nümayiş olunacaq tamaşanın ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Balacalara dürüstlük, sədaqət, şücaət və sevgi aşılayan tamaşanın əsas qayəsi xeyrin şər üzərində qələbəsinə inamdır. Məşhur nağıl qəhrəmanlarının, balacaların sevimli cizgi filmi personajlarının toplandığı tamaşa-buketin ardınca studiyanın istedadlarının təqdimatında rəngarəng konsert proqramı da təqdim olunacaq.

Tamaşada əsas rolları studiyanın həvəskarları - Vüsalə Bəkirzadə, Mətin Vəzirov, Aysun Əlimirzəyeva, Arif Əliyev, Məryəm Əsədova, Ağa Seyidov, Ayşə Cəfərli, İsmayıl Əliyev, Selcan Xatun və Aylin Nəcəfli ifa edirlər. Tamaşada əsas obrazları canlandıran bu uşaqlar studiyaya yeni istedadların cəlb edilməsi məqsədilə elan olunan müsabiqədə seçiliblər.

Qeyd edək ki, 5-15 yaşlı uşaqlar arasında baş tutan müsabiqədə 160 nəfərdən artıq uşaq iştirak edib və onların arasından 20 həvəskar studiyanın sıralarına cəlb olunub.

azertag.az