Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi ilə bağlı müsabiqə elan edilib
3.11.2016

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi ilə bağlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib.

Nazirlikdən bildirilib ki, "Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqənin şərtlərinə görə yazılar mövzunu əhatə etməli, fakt və hadisələr düzgün təhlil edilməli, ifadə vasitələrinin zənginliyi nəzərə alınmalı və yazı informasiya tutumlu olmalıdır.

Müsabiqəyə cari il noyabrın 25-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərinin xəbər bülletenlərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur və təqdim olunan yazılar 8-10 min işarədən çox olmamalıdır. Yazılar press@mincom.gov.az elektron poçt ünvanına göndərilə və ya ayrıca zərfdə (elektron məlumatlar diskə yazılmaqla) təqdim oluna bilər. Hər iki halda yazı təqdim edən şəxsin telefonu, elektron poçt ünvanı göstərilməlidir.

Yazılar noyabrın 25-dək həftənin iş günləri saat 09.00-dan 18.00-dək Bakı şəhəri, Zərifə Əliyeva 77 ünvanında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunda qəbul ediləcək.

Müsabiqədə yer tutacaq şəxslərin adları 2016-cı il dekabrın 6-dək açıqlanacaq. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Müsabiqənin sonunda qaliblərə pul mükafatları veriləcək.

Əlavə məlumatları (012) 493 31 13 əlaqə nömrəsindən və nazirliyin (mincom.gov.az) rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

azertag.az