Füzuli meydanı ətrafında yollarda dəyişikliklər ediləcək
3.11.2016

Bakı şəhərinin Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması çərçivəsində aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub.
"Azəravtoyol" ASC-dən daxil olan məlumata görə, Füzuli meydanı qarşısındakı dairə ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub. Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geridönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobuslarının hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.
Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də baş tutacaq. Belə ki, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün DSK-nın qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq. Onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Avtonəqliyyat vasıtələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkətlərinə davam edə biləcək.
Hərəkətin normal təşkili üçün Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər həm DSK-nın qarşısındakı, həm də N.Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq.
Sadalanan ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində hərəkətin bu cür təşkil olunması hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və tıxacların aradan qaldırılması üçün hesablanıb.
Qeyd edək ki, Füzuli meydanının ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması çərçivəsində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6,1 km-ə yaxın olan 5 küçədə əsaslı yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq əvvəllər 5-8 metr enində olan küçələr 2-3 metr enində səkilər də nəzərə alınaraq 15-23 metrə qədər genişləndiriləcək, müasir içıqlandırma sistemləri qurulacaq, bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik tikiləcək və müasir avtobus dayanacaqları qurulacaq.

report.az