Gəncə şəhərindəki premium kinoteatr “CinemaPlus Khamsa” sakinlərin böyük marağını nəzərə alaraq, “Əli və Nino” filminə hədiyyəli aksiyanı daha 1 ay uzadıb. Film Azərbaycan dilində nümayiş olunur.
“CinemaPlus” kinoteatrlar şəbəkəsindən bildirilib ki, aksiyanın məqsədi “Əli və Nino” filmini sakinlərə pulsuz olaraq nümayiş etdirməkdir. Aksiya dekabrın 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir.
Hədiyyə biletlərindən müəllimlər, həkimlər, hərbçilər, tələbələr, 50 yaşdan yuxarı tamaşaçılar və fiziki imkanları məhdud olan insanlar yararlana biləcəklər.
Qeyd edək ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir. Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.
Ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
azertag.az