Bakı Ali Neft Məktəbi ilə Tümen Sənaye Universiteti arasında anlaşma memorandumu imzalanıb
3.11.2016

Bakı Ali Neft Məktəbi (BANM) ilə Rusiya Federasiyasının Tümen Sənaye Universiteti (TSU) arasında anlaşma memorandumu imzalanıb.

Bu sənəd müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, birgə forum və konfransların təşkilini, elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən konkret fəaliyyət sahələri üzrə tədris və elmi materialların mübadiləsini nəzərdə tutur.

Bununla əlaqədar TSU-nun rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeri Qut və Tümen vilayət Dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbində (BANM) olublar. Görüşdə SOCAR-ın ekologiya idarəsi rəisinin müavini, professor Əflatun Həsənov iştirak edib.

BANM-dan bildiriblər ki, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixindən, qısa vaxtda əldə etdiyi uğurlardan, tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması sahəsində burada yaradılmış şəraitdən danışıb. E.Qasımov BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, böyük şirkətlərlə və dünyanın ixtisaslaşmış aparıcı universitetləri ilə əlaqələrinin qurulması barədə qonaqlara məlumat verib. O, Tümen Sənaye Universiteti tələbələrinin tanışlıq məqsədilə BANM-ə səfər etmələri təklifini irəli sürüb.

O.Novoselov BANM ilə qarşılıqlı fayda gətirə biləcək əməkdaşlığın başlanmasında maraqlı olduğunu bildirib. O, həmçinin TSU-nun tarixi, tədris proqramları, Rusiya və digər xarici ölkələrin neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlığı barədə məlumat verib.

Sonra iki ali məktəb arasında anlaşma memorandumu imzalanıb.

Sənədi rektorlar E.Qasımov və O.Novoselov imzalayıblar.

azertag.az