Lənkəran teatrında “Hacı Qara”nın premyerası olub
3.11.2016

Bu gün Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası olub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, IX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarını əks etdirən tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər, rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır.

Dövlət sifarişi ilə hazırlanmış səhnə əsərində əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Qızılgül Quliyeva, Allahverən Babayev, Əbülfəz Axundov, Səyad Əliyev, Aynur Əhmədova, Niftulla Əsgərov, Hikmət Cəfərov, Tərlan Abdullayeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Bu, G.Ömərin Lənkəran teatrının səhnəsində qoyduğu üçüncü tamaşadır. Bundan əvvəl rejissor burada Əli Əmirlinin “Onun iki qabırğası” və Elçinin “Cəhənnəm sakinləri” əsərlərinə quruluş verib.

trend.az