Bakıda VII Avropa Film Festivalına start verilib
4.11.2016

Noyabrın 3-də Bakıda VII Avropa Film Festivalının açılışı olub.

Açılışı “Park Bulvar”da baş tutan film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılışda “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev çıxış edərək deyib ki, festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək. N.Quliyev festivalda maksimum sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib. Vurğulanıb ki, builki festivalı izləmək üçün 6-7 min insanın iştirakı nəzərdə tutulur. Həmçinin qeyd olunub ki, festival Azərbaycan və Avropa kino xadimlərinin mübadilə aparmaları üçün əlverişli platformadır. Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Xanım diplomat bildirib ki, artıq yeddinci dəfə keçirilən festival “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. M.Mard 10 gün davam edəcək festivalın baş tutmasında göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan “Bağlı gözlərlə yaşamaq asandır” adlı ispan filmi haqqında məlumat verib. Bildirilib ki, rejissor David Truebenin komediya-dram janrında ekranlaşdırdığı film bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı “Qoyya” mükafatı qazanıb. Daha sonra festival İspaniya və Yunanıstan istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərə” adlı filmlərin nümayişi ilə açıq elan olunub.

azertag.az