Tikinti sahəsində Azərbaycan və Yaponiya iş adamları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
4.11.2016

Tanınmış yaponiyalı mütəxəsis-memar Yoşinori Morivakinin təqdimatında Azərbaycan iş adamlarına seminar keçirilib.
Tədbirin təşkilatçısı olan Sakura Azərbaycan-Yaponiya İctimai Birliyindən verilən məlumata görə, seminarın əsas məqsədi tikintidə zələzələdən müdafiə və zəlzələyə davamlılıq sahəsində Yaponiya texnologiyasının tətbiqi və inkişafı istiqamətlərində iş adamlarını ətraflı məlumatlandırmaq və gələcəkdə tikinti üzrə Azərbaycan və Yaponiya iş adamları arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, partnyorlar, investorlar tapmaq olub.
Memar Yoşinori Morivaki seminardan sonra təşkilat sədri Təranə Hüseynovanın dəvəti ilə Neftçala şəhərində Sənaye Parkını ziyarət edib. Yaponiyalı memarla görüş zamanı Neftçala rayon icra başçısı İsmayıl Vəliyev rayonun neft, qaz, pambiq, balıq, yod-brom , kənd təsərrüfatı və sənayə sahələrində zəngin təbii nemətlərlə bağlı məlumat verib. Yoşinori Morivaki gələcəkdə Neftçala rayonunun yapon iş adamları üçün strateji bir region olacağına inandığını vurğulayıb.
T.Hüseynova bildirib ki, yapon iş adamlarını Azərbaycanın regionlarına cəlb etməklə regionlarda qarşılıqlı biznes qurmaq imkanları genişlənəcək, bu da regionlarda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğuliyyətinin artırılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradacaq.

report.az