Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ölkəmizdə səfərdə olan Türkmənistan Respublikası Parlamentinin sədr müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə sahibkarların sərbəst fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradılmasını bildirən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyib: “Bu gün Azərbaycanda qadınların təqribən 50 faizi əmək fəaliyyəti ilə məşğul olur, onlar ölkə iqtisadiyyatının, demək olar, bütün sahələrində çalışırlar. Sahibkarlar arasında qadınların xüsusi çəkisi 20 faizə çatır”.
Bildirib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında gender bərabərliyini təmin edən müddəalar əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanıb ki, bu da respublikada qadınların kişilərlə hüquq bərabərliyinin təmin olunmasına yönəlib.
S.Qəhrəmanova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurlar barədə qonaqlara məlumat verib.
Q.Bayramova dolğun məlumatdan razılığını ifadə edərək, Azərbaycanda ailə, qadın və uşaq sahələrində aparılan islahatlar barədə müsbət təəssüratlarını bölüşüb.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
azertag.az