Bakıda tanınmış teatr xadiminin ustad dərsi olub
7.11.2016

Noyabrın 6-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü, aktyor Boris Daussa Pastorun ustad dərsi olub. Ustad dərsi Marqolis metoduna həsr edilib.

Tanınmış teatr xadimi ustad dərsində Marqolis metodunun əhəmiyyətindən danışıb. Bildirib ki, Marqolis metodu xüsusi fiziki məşqlər və tənəffüs texnikası sayəsində artistlərin çıxışa xüsusi hazırlığını, enerjinin lazımi məcraya yönəldilməsini, müsbət köklənməni nəzərdə tutur.

Boris Daussa Pastor, həmçinin qeyd edib ki, kontemporari üslubunda çıxış edən artistlər səhnədə emosiyanı, ehtirası, hissi əks etdirməli, daim hərəkətdə olmalıdırlar. Tamaşaçı sevgisi məhz bu cür qazanılır.

Sonra tədbir iştirakçıları xüsusi tapşırıqlar yerinə yetiriblər və tənəffüs texnikasını daha yaxşı öyrəniblər.

Tədbirdə Bakı teatrlarının aktyorları və KİV nümayəndələri iştirak ediblər.

azertag.az