Bakıda “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılacaq
7.11.2016

Noyabrın 8-də Bakı Xətai Sənət Mərkəzində “Qardaş türk xalqlarını tanıyaq” devizi altında “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərginin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi, insanlarının xarakteri və geyim mədəniyyətini necə görmələrini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir.

Balaca fırça ustalarının əl işlərinin nümayiş olunacağı sərgidə hər kəs iştirak edə bilər.

azertag.az