Gələn il Bakıda Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Bunu AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.
Akademikin sözlərinə görə, bu barədə Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə Tbilisidə keçirilən görüşdə razılıq əldə olunub.
Hər iki institutun birgə təşkil edəcəyi tədbirə bir çox ölkələrdən alimlər, filosoflar dəvət olunacaq.
İ.Həbibbəyli deyib: “Azərbaycan və gürcü ədəbiyyatşünasları, mədəniyyət işçiləri konfransa qədər Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında “Əli və Nino” əsərinin rolu, münasibətlərimizin gələcək inkişafı ilə əlaqədar prioritet istiqamətlər barədə elmi məqalələr, tədqiqat əsərləri hazırlayacaqlar”.
Elmi konfransda, həmçinin Azərbaycan və gürcü ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlar barədə də məlumatlar dinləniləcək.
azertag.az