Bakıda ECO ölkələri prezidentlərinin sammiti keçiriləcək
13.8.2012

Bu ilin oktyabrın 15-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Nazirlər Şurasının XX toplantısı keçiriləcək.

Təşkilatın rəsmi veb-saytına istinadən verilən məlumata görə, toplantı öncəsi (oktyabrın 13-14-də) Azərbaycan paytaxtında bir neçə hazırlıq iclası, həmçinin ECO-ASEAN nazirlərinin görüşü keçiriləcək.

Qeyd edək ki, ECO Nazirlər Şurasının toplantısında isə 2011-2012-ci illərdə nəqliyyat sistemi, ticarət, enerji, ətraf mühit və kənd təsərrüfatı sahələrində əldə edilmiş nəticələr və hesabatlar, eləcə də 2012-2013-cü illər üçün qəbul olunmuş iş planında əksini tapmış təşəbbüslər müzakirə olunacaq. Tədbirdə ECO-nun regional orqanları və təşkilatları, geniş beynəlxalq ictimaiyyətin iştirakı gözlənilir.

Yayılan məlumatda bildirilir ki, Nazirlər Şurasının görüşündən sonra, oktyabrın 16-da ECO ölkələri dövlət başçılarının XII sammiti baş tutacaq.

Qeyd edək ki, sammitin sonunda Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir. Bəyannamədə təşkilatın gələcək fəaliyyəti ilə bağlı məlumatlar təqdim olunacaq.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası (xarici işlər nazirləri səviyyəsində) da ən azı ildə bir dəfə yığıncaq keçirir.

APA