Noyabrın 5-də “Kitabevim” mağazasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunmuş, Azərbaycanda sovet işğalına qarşı 1920-1937-ci illər milli müqavimət hərəkatından bəhs edən “On yeddi illik mücadilə” kitabının təqdimatı keçirilib. Kitabın həmmüəllifləri tanınmış tədqiqatçılar, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri Anar Turan və Ceyhun Bayramlıdır.
Tədbirdə çıxış edən həmmüəllif A.Turan kitabın məziyyətləri haqqında danışıb, araşdırmanın arxiv sənədləri və çoxsaylı mənbə məlumatlarına əsasən hazırladıqlarını diqqətə çatdırıb. O bildirib ki, əsərdə bolşeviklərin uzun illər əllərində olduğu təbliğat maşını vasitəsilə xalqımızın alt şüuruna yeritmək istədikləri yalanlar barədə məlumatlar yer alıb. Azərbaycan xalqının kommunist-bolşevik hakimiyyətini guya gül-çiçəklə qarşıladığı və milli mübarizə aparmadığı barədə fikirlərin uydurma olması yeni və maraqlı faktlarla ortaya qoyulub. Qeyd edilib ki, kitab əslində, bu gün belə Azərbaycanın müstəqilliyini həzm etməyən, ölkəmizi hansısa imperiyaların bir subyekti kimi görən antimilli qüvvələrə həm də bir ultimatum xarakteri daşıyır. Çünki kitabda yer alan, haqlarında geniş məlumatlar verilən qaçaqlar, bəylər, milli ziyalılar və ruhanilərin həyatı sübut edir ki, Azərbaycanda bolşeviklərə qarşı geniş bir hərəkat olub və uzun illər davam edib.
Digər həmmüəllif C.Bayramlı çıxışında deyib ki, kitabda 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini devirdikdən sonra əsas şüar olaraq bolşeviklərin təbliğ etdiyi antimilli təbliğatın səbəbləri və nəticələri, onlara qarşı xalq dirənişləri barədə geniş məlumat verilib. O bildirib ki, antisovet əhvali-ruhiyyə bütün ölkə boyu olub və Gəncə, Şəki, Qarabağ, Lənkəran, Quba üsyanları ilə yadda qalıb. Araşdırmada vətənpərvər ziyalılarımızın haqsız yerə “qolçomaq”, “kulak”, “xalq düşməni” kimi qələmə verilməsinin əslində sovet ideologiyasının tələbi olması diqqətə çatdırılıb.
Tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabı Azərbaycanın bu təlatümlü dövrünün işıqlandırılması baxımından müstəsna əhəmiyyəti olan nəşrlərdən biri kimi qiymətləndirib. O bildirib ki, müəlliflər A.Turan və C.Bayramlının zəhməti sayəsində ərsəyə gələn bu kitabda milli mübarizə tariximizin 1920-ci ildən sonrakı səhifələri ətraflı işıqlandırılıb və auditoriya üçün maraqlı ola biləcək şəxsiyyətlərimiz və xalq üsyanları barədə geniş məlumat verilib. A.İsgəndərov gənclərimizin, cəmiyyətimizin milli mübarizlik hissində tərbiyələndirilməsi və maarifləndirilməsi üçün bu məzmunda əsərlərin daha çox yazılmasının zəruriliyini vurğulayıb.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Vüqar Zifəroğlu, ADPU-nun baş müəllimi Taleh Cəfərov, “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, Əməkdar Jurnalist Məsaim Abdullayev, Bakı Slavyan Universitetinin dosenti Mübariz Əhmədov çıxış edərək kitabın əhəmiyyətindən söhbət açıblar.
Sonda təqdimata gələn qonaqlara kitablar paylanılıb və müəlliflərin imza mərasimi keçirilib.
azertag.az