Bakıda, Yaşıl Teatrın səhnəsində tanınmış caz ifaçısı Nino Katamadzenin və Insight qrupunun xeyriyyə konserti olacaqdır
8.6.2011

Bakının caz musiqisi pərəstişkarlarını böyük hədiyyə gözləyir. İyunun 15-də Yaşıl Teatrda tanınmış gürcü caz ifaçısı Nino Katamadzenin və Insight qrupunun xeyriyyə konserti olacaqdır. Konserti Buta Art Centre Culture Helpline layihəsi çərçivəsində təşkil edəcəkdir.
Nino Katamadze 1972-ci ildə Acarıstanda (Gürcüstan) anadan olmuşdur. Gələcək müğənninin musiqi istedadı hələ uşaq ikən özünü büruzə verməyə başlamışdır. Batumi Musiqi İnstitutunun vokal fakültəsinin məzunu olan Nino Katamadze 1990-cı ildən səhnədədir. 1994-cü ildə əlillərə yardım xeyriyyə fondu yaratmışdır.
İstedadlı müğənninin Insight qrupu ilə yaradıcılıq əməkdaşlığı 1999-cu ildə başlanmışdır. Musiqiçilər ABŞ və Böyük Britaniyaya qastrol səfərlərində olmuş, Rusiyanın və Ukraynanın konsert meydanlarında çıxış etmişlər.
Nino Katamadze 2009-cu ildə Bakıda iki konsert vermişdir. O, orijinal üslubda ifa etdiyi bir çox caz kompozisiyalarının müəllifidir.