Azərbaycanda narkoloji xəstələrə dövlət büdcəsi hesabına narkoloji yardım göstəriləcək
13.8.2012

Azərbaycanda alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində olan şəxslərə dövlət büdcəsi hesabına narkoloji yardım göstəriləcək.

Nazirlər Kabinetinə istinadən verilən məlumata görə, bu barədə məsələlər “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Qərarda dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımlar müəyyənləşdirilib. Bura insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi, narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi, narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi, narkoloji xəstələrin müalicəsi, əvəzedici müalicənin tətbiq edilməsi, narkoloji xəstələr üzərində sonrakı müşahidənin, sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi daxildir.

Qaydalara əsasən, narkoloji yardım Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar tərəfindən göstəriləcək, narkoloji yardım göstərilmiş hər bir şəxs barədə müvafiq qeydiyyat aparılacaq.

Narkoloji yardım xidmətinin təkmilləşdirilməsi və narkoloji yardımın göstərilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək.

Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranziti və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf ediləcək.

APA