Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşıb.
Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.
Əvvəlcə konfrans iştirakçıları Musiqili Teatrın foyesində ötən illərdəki beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi ilə tanış olublar.
Musiqili Teatrın səhnəsində balet ustalarının təqdim etdikləri performans, incəsənət ustalarının ifa etdikləri klassik musiqi nömrələri, eləcə də nümayiş olunan videomateriallar Azərbaycan teatrının şanlı keçmişinə, müasir inkişafına baxışın musiqili-ədəbi xülasəsi idi. Bütün bunlar deməyə əsas verir ki, həmişə olduğu kimi bu dəfə də Bakı növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.
Təzadlarla dolu müasir dünyamız, konfransdan əvvəl bədii proqramda təqdim edilən Hamletin “Olum, ya ölüm” monoloqunda olduğu kimi sual qarşısındadır desək, bəlkə də yanılmarıq. Lakin belə bir mühitdə Azərbaycanın dünya ölkələrinə örnək olacaq multikultural ənənələri gələcəyə nikbin baxmağa əsas verir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətini oxuyub.
Bütün qonaqları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. Bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır. Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. “Multikulturalizm ili” teatr səhnəsinin təcəssümündə də öz əksini tapıb.
Nazir deyib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. “O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri - aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır”, - deyə nazir vurğulayıb.
Konfransın əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, tədbirdə Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur.
Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev deyib ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcəkdir.
Konfrans işini plenar iclaslarla davam etdirib.
IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də başa çatacaq.
azertag.az