“Səyyar ASAN xidmət” 4 rayonun vətəndaşlarına xidmət göstərəcək
7.11.2016

"Səyyar ASAN xidmət" noyabrın 7-dən 16-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 7 - 21 noyabr Naftalanda, 7 noyabr - 6 dekabr tarixlərində Şamaxı və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
Məlumata görə, bundan başqa, Səyyar ASAN xidmət avtobusları 24 oktyabr - 7 noyabr Yardımlı və Neftçalada, 25 oktyabr - 8 noyabr Xırdalan və Kürdəmirdə, 24 oktyabr - 22 noyabr Qubada vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

report.az