ABŞ-ın Oreqon Universitetinin bir qrup tədqiqatçısı diabetdən əziyyət çəkən xəstələr üçün kontakt linzaları hazırlamağa başlayıb. Linzalar görməyə mane olmayan şəffaf sensorla təchiz ediləcək.
Linza istifadəçiləri qanda şəkərin ənənəvi üsullarla müntəzəm ölçülməsindən imtina edə bilərlər: sensor gözyaşı mayesində qlükozanın səviyyəsini müəyyən edə bilər.
Linzanın əsas komponenti amorf hallium oksidindən, indium və sinkdən (IGZO FET) olan nanostrukturlu tranzistordur. Nanostrukturlu tranzistorun qiyməti baha deyil, istehsalı da asandır. Belə ki, tədqiqatçılar linzalar üçün sensorları kolloid litoqrafiyanın və elektrohidrodinamik çapın köməyi ilə düzəldiblər.
Bu qurğu alınan məlumatları insulinin qana daxil olmasını tənzimləyən insulin nasosuna real vaxtda ötürə bilər. Beləliklə, sensor və nasos süni mədəaltı vəzi kimi birlikdə işləyəcək. Bundan əlavə, sensor məlumatı smartfondakı əlavəyə sərbəst ötürə biləcək. Bu yolla pasiyent gün ərzində şəkərin səviyyəsi barədə bütün lazımi məlumatları alacaq.
Müəlliflər vericinin yalnız qlükozanın konsentrasiyasının dəyişməsinə reaksiya verdiyini nümayiş etdiriblər. Məhlula digər komponentlərin əlavə edilməsi isə onun işinə təsir etməyib.
Qreq Herman izah edib ki, gözyaşı mayesində digər maddələrin, məsələn, stress hormonlarının konsentrasiyasının izlənilməsi üçün də bu sensorlardan istifadə edilə bilər. Sensorların köməyi ilə şiş biomarkerlərinin konsentrasiyasını ölçmək, yəni onları xərçəngin diaqnostikasına tətbiq etmək olar.
saglamolun.az