Beynəlxalq konfransın iştirakçıları ölkəmizdəki multikultural mühit barədə məlumatlandırılıb
8.11.2016

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, tanınmış yazıçı-dramaturq, akademik Kamal Abdullayev noyabrın 7-də IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti xanım Cin Qrehem-Cons, Qara dəniz, Xəzər dənizi Beynəlxalq Fondunun vitse-prezidenti, “Afrikanın səsi” ədəbi mükafatının laureatı, şahzadə Zolani Mkiva və Böyük Britaniya Şurasının nümayəndəsi, mədəniyyətdə idarəetmə üsullarına həsr olunmuş kitabların müəllifi Devid Pərriş ilə görüşüb.

Kamal Abdullayev qonaqlara ölkəmizin multikulturalizm ənənələrindən söz açıb. Bildirib ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviş və təbliğ etmək bu gün dövlətin həyata keçirdiyi din siyasətinin əsas hədəfləri sırasındadır.

Dövlət başçısı İlham Əliyevin multikulturalizmi dövlət siyasəti elan etdiyini söyləyən K.Abdullayev diqqətə çatdırıb ki, milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanınır.

Bir sıra xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu söyləyən Dövlət müşaviri bildirib ki, Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin, bir sözlə, ölkəmizlə bağlı bütün həqiqətlərin öyrənilməsində bu fənnin əhəmiyyəti olduqca böyükdür.

“Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar”, - deyə K.Abdullayev vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən Kamal Abdullayev xalqımızın hər zaman sülhpərvər olduğunu, heç kimin torpağında gözü olmadığını bildirib.

Ətraflı məlumata görə K.Abdullayevə minnətdarlığını bildirən Devid Pərriş yeni kitabını ona təqdim edərək əsərin Azərbaycan dilinə tərcümə olunmasını arzulayıb.

Görüşdə xanım Cin Qrehem-Cons rəhbərlik etdiyi federasiya barədə məlumat verib. Bildirib ki, qurumun məqsədi teatrlar arasında əlaqələri inkişaf etdirməkdir. Təşkilatın dünyanın 15 ölkəsində təmsil olunduğunu diqqətə çatdırıb. Federasiya tərəfindən bir sıra konfransların təşkil edildiyini vurğulayan Cin Qrehem-Cons təşkilatın həyata keçirdiyi layihə və tədbirlərdə iştirak imkanlarını təşviq etmək niyyətində olduqlarını söyləyib.

Zolani Mkiva müzakirələr, mübadilə və əməkdaşlıq baxımından Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyətini yüksək dəyərləndirib.

azertag.az