IV Bakı Beynəlxalq Teatr Konfransının əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarlarının müasir teatrın imkanlarını müzakirə etmələri üçün platforma yaratmaqdır. Belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur.
Bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Azərbaycan teatrlarının yüksək səviyyədə inkişaf etdiyini vurğulayan nazir bütün teatr müəssisələrinin müasir texniki baza ilə təmin olunduğunu da diqqətə çatdırıb.
Azərbaycanın Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsinin əhəmiyyətindən də söz açan Ə.Qarayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə keçirilən islahatlar, turizm sahəsində yeniliklər, təsdiq olunan viza rejimi, turizm zonalarının inkişafı, sözsüz ki, turizm sənayesinə böyük təkan verəcək. Azərbaycanın Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sədri seçilməsi diplomatik uğurdur. Bu, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuzun, habelə BMT-nin Ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv dövlətlərin Azərbaycana etimadının göstəricisidir.
azertag.az