Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 17 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 416 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Komissiyadan verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 404-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli bölümlərində, 12-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, hər bir ali təhsilli Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərə dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı veriləcək.
APA