Koreya Respublikasının paytaxtı Seulda keçirilən türkdilli dövlətlərin mədəniyyət festivalı çərçivəsində “Azərbaycan günü” adlı konsert proqramı təşkil edilib.
Azərbaycanın Seuldakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Koreyada türkdilli ölkələri daha yaxşı tanıtmaq və qarşılıqlı mədəniyyət mübadiləsi aparmaq məqsədi daşıyır.
Festivalın proqramına uyğun olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın incəsənət ustalarının ifasında milli günlər silsiləsi çərçivəsində keçirilən “Azərbaycan günü”ndə rəqqaslar, solistlər, saz ifaçıları, instrumental musiqiçilər koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim ediblər.
Konsertdən əvvəl çıxış edən ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov deyib ki, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə və Dövlət Bayrağı Gününə təsadüf edən “Azərbaycan günü” iki dövlət və xalq arasında mədəni əməkdaşlıqda əlamətdar hadisədir.
Koreya Milli Muzeyində təşkil olunan konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Azərbaycan”, “Cəngi”, “Uzun dərə”, Naz eləmə”, “Ay ləli” rəqsləri ifa olunub. “Natiq” ritm qrupu “Atəşgah” və “Qaytağı” kompozisiyalarını təqdim edib. “Muğam” instrumental ansamblının, solistlər İlkin Əhmədov və Arzu Əliyevanın ifasında “Çahargah”, “Mahur” və “Dilkəş” təsnifləri, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” mahnısı, xalq rəqslərinin musiqisindən ibarət popuri, pianoçu Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun ifasında isə “Zibeydə” mahnısı və “Yeddi gözəl” valsı səslənib.
Tamaşaçıların böyük diqqətlə izlədiyi konsertə yerli mətbuatın da marağı böyük idi.
Qeyd edək ki, konsertin keçirildiyi Koreya Milli Muzeyində Azərbaycanın mədəniyyətini, təbiətini, memarlıq abidələrini, görməli yerlərini, mətbəxini əks etdirən fotolardan, habelə milli geyimlərdən ibarət sərgi də təşkil edilib.
Azərbaycan incəsənət ustaları paytaxt Seul ilə yanaşı, Qimhae şəhərində də konsert proqramı təqdim edəcəklər. Bundan başqa, türkdilli dövlətlərin mədəniyyət festivalı çərçivəsində təşkil olunan film festivalında rejissor Rövşən İsaxın “Aktrisa” filmi Koreya dilində subtitrlə nümayiş olunacaq.
Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, sərgilərin təşkili və filmin nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
azertag.az