Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə yaradıcı gənclər arasında “Tolerant gənclik” beynəlxalq təsviri və dekorativ tətbiqi sənət müsabiqəsi keçirilir.
ADRA-dan bildiriblər ki, müsabiqədə yerli və xarici ölkələrdən olan yaradıcı gənclərin iştirakı nəzərdə tutulur. Müsabiqə dünya gəncləri arasında multikulturalizm və tolerantlığı təbliğ etmək, dostluq, əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olmaq və müxtəlif ölkələrin milli-mənəvi dəyərlərini incəsənət əsərləri vasitəsilə gənc nəslə çatdırmaq məqsədi daşıyır.
Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən olan 16-29 yaşlı gənc rəssamların tolerantlıq mövzusunda, istənilən ölçü və texnikada əsərləri qəbul olunur. Əsərlər arxasında müəllif haqqında məlumat, əsərin adı, ölçüsü, texnikası qeyd olunmaqla 2016-cı il dekabrın 15-dək ADRA-nın Muzey-Sərgi Kompleksinə təqdim edilməlidir. Bir müəllif ən çox üç əsər təqdim edə bilər.
Müsabiqə iki mərhələdən ibarətdir.
Müsabiqənin yekunlarına həsr edilmiş “Tolerant gənclik” təsviri və dekorativ tətbiqi sənət sərgisi dekabrın 20-dən 22-dək ADRA-nın Muzey-Sərgi Kompleksində keçiriləcək.
Ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.
azertag.az